Haqqında

Mədəniyyətdən pərvəriş almış, elmlə itilənmiş səs.

FL
Fəxriyyə Lilpar
Bakı · Azərbaycan
Qısa məlumat
Doğum tarixi
2 iyul 1976
Doğum yeri
Bakı, Azərbaycan
Elmi dərəcə
Fəlsəfə doktoru (sənətşünaslıq)
Üzvlük
AJB, Qərbi Azərbaycan İcması
Hazırkı iş yeri
Space TV

Peşəkar təqdimat

Fəxriyyə Lilpar (əsl adı — İsayeva Fəxriyyə Fəxrəddin qızı) Azərbaycanın tanınmış jurnalist və teleaparıcılarından biridir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, pedaqoq, redaktor, rejissor və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Doğulduğu yer və uşaqlıq

1976-cı il iyulun 2-də Bakı şəhərində anadan olub. Uşaqlıqdan söz, ədəbiyyat və incəsənətə olan sevgisi onun gələcək peşə seçimini müəyyənləşdirib.

Təhsili

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kütləvi Tədbirlər Rejissorluğu” fakültəsinin bakalavr pilləsini fərqlənmə ilə bitirib. Sonradan həmin universitetin “Rejissor sənəti tarixi və nəzəriyyəsi” fakültəsinin magistr pilləsini də fərqlənmə ilə tamamlayıb. 2017-ci ildə Bakı Xoreoqrafiya Akademiyasının “Sənətşünaslıq” kafedrasında doktoranturaya daxil olub.

Elmi dərəcə

2021-ci ildə “Müstəqillik dövrü Azərbaycan teleməkanında incəsənət proqramlarının yaradıcılıq problemləri” mövzusunda dissertasiya işini AMEA Memarlıq və İncəsənət İnstitutunda müdafiə edərək Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasından sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Media karyerası

20 ildən artıqdır ki, Azərbaycanın aparıcı teleradio kanallarında müəllif-aparıcı, redaktor, böyük redaktor və layihə rəhbəri kimi çalışır. İctimai TV, ATV, Lider TV, ARB və Space TV-də uğurlu layihələrə imza atıb.

“Xəzərin sahilindən…” layihəsi

Ölkədaxili və xaricdə fəaliyyət göstərən ictimai xadimlərin, diplomatların, sənət adamlarının həyat və yaradıcılığını əks etdirən “Xəzərin sahilindən…” tele-layihəsinin təsisçisi, müəllifi və aparıcısıdır. Layihə eyni zamanda kitab salnaməsi kimi də davam etdirilir.

Beynəlxalq əlaqələr

İctimai TV-də çalışdığı illərdə Türkiyənin TRT kanalının “Türkiyənin səsi” radiosu ilə ortaq “Qorqud ata” layihəsində aparıcı-redaktor kimi iştirak edib, Türkiyə-Azərbaycan mədəni-ictimai əlaqələrinin genişlənməsinə töhfə verib.

İctimai fəaliyyət

2011–2018-ci illərdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) yanında Uşaq Hüquqları Mərkəzində Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsində bədii rəhbər olub. Qərbi Azərbaycan İcmasının üzvüdür.

Pedaqoji fəaliyyət

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Jurnalistin nitq mədəniyyətinin əsasları” fənni üzrə pedaqoq kimi fəaliyyət göstərib. Beynəlxalq və respublika səviyyəli konfranslarda elmi məruzələrlə çıxış edir.